Dilimizdə olan, amma mənasını bilmədiyimiz fars mənşəli sözlər

Dilimizdə olan, amma mənasını bilmədiyimiz fars mənşəli sözlər
Tarix: 27-01-2017, 10:11

Orxan Cəlilov adlı “Facebook” istifadəçisi öz səhifəsində maraqlı bir yazı bölüşüb.

Bakuplus.Az
xəbər verir ki, o, neçə illər ərzində dilimizdəki fars mənşəli sözlər barədə kiçik araşdırmaları təqdim edib.

Həmin araşdırmanın nəticəsini oxuculara təqdim edirik:

1. Sizcə keçənə güzəşt demək olarmı? Yox. Əslində, “keçənə qozəşt dəyərlər”. Çünki, qozəşt sözü fars dilindən tərcümədə “keçdi” mənasını verir. Bu daha məntiqli deyilmi?

2. Bilirsinizmi ki, “vəssalam şüt-tamam” ifadəsindəki “şüt-tamam” birləşməsi fars dilindəki “şod tamam” sözlərindən yaranıb, mənası “tamam oldu və ya bitdi”. “Vəssalam” sözünün “və sülh” mənasını verdiyini, yəqin ki, çoxlarınız bilirdiniz.

3. Lülə qurutmaq, lülə kabab, lülə kimi qız, topun lüləsi, saç lüləsi (biqudi) kimi söz birləşməsinin tərkib hissəsi olan “lülə” fars sözü imiş, mənası da “boru”dur.

P.S. Xarici neft şirkətləri bizim lülələri qurudub getdikdən sonra, əsl lüləni biz qurudacağıq.

4. Çoxlarınız, yəqin ki, dilimizdəki “çərpələng” (воздушный змей) sözünün pələngə nə dəxli olduğu barədə fikirləşmisiniz. Əslində çərpələnglə pələngin heç bir əlaqəsi yoxdur.

Çində yaranmış bu oyun Pakistan və Əfqanıstanda “Patang-bazi” adı ilə məşhurdur. “Patang” sözü isə urdu dilinə sanskrit dilindən keçib. “Patta” yarpaq, “ang” isə hissə, aid və ya düzəldilmiş mənasını verir, yəni, yarpaqdan düzəldilmiş.

Sözün digər tərkibi olan “çər” sözünün, çox guman ki, fars dilindəki “çəhar” dörd sözündən keçib, bu da çərpələngin 4 künc olduğuna işarədir.

Farsların özündə çərpələng sözü yoxdur, onların bunun üçün işlətdiyi termin “badbadək” və ya “kağezbad” adlanır ki, bu sözlər də onlara əfqanlardan keçib.

5. “Keçəl-keçəl baniya getdi hamamxanaya, hamamxana bağlıdı, keçəlin başı yağlıdı” (şeirin digər məşhur versiyası “keçəl-keçəl baniya, os... Germaniya”) şeirindəki “baniya” sözünün nə məna verdiyini öyrəndim. Bu sözü əslində baniya deyil, bamiyədir. Bamiya fars sözü olub, meyvəsi konus şəklində olan və xörəyə işlədilən birillik lifli bitkidir. Bamiyə həm də un, yağ, şəkər və s.-dən hazırlanan və xarici görünüşdən bamiyəyə oxşar şirniyə verilmiş addır.

6. Kirvə sözü də fars dilindən bizim dilimizə keçmiş sözlərdəndir. Bu sözdəki “və” hissəciyi fars dilində “vənd” sözündən gəlmiş “tutmaq, saxlamaq” mənasını verir. “kir” sözünü tərcümə etməyə dəyməz, özünüz, yəqin, başa düşərsiniz.

7. Sən demə, “betər” və “beş-betər” sözləri bizə fars dilindən keçibmiş. “Betər” sözü farsların sifətin müqayisə dərəcəsində işlətdiyi “bədtər”, yəni “daha pis” sözündən yaranıb. “Beş” isə farsların “biş” sözüdür ki, o da dilimizə “lap” və ya “daha” kimi tərcümə olunur. Beş-betər, yəni ki, lap daha pis.

8. Tanıdığımız dillər içərisində nə üçün yalnız Azərbaycan dilində düyü sözü işlətdiklərini araşdırdım. Məsələn, türklər fars dilindəki berenc sözündən, özləri üçün pirinç sözü yaradıb. Bütün dünyada isə ərəb dilindən yayılmış “ərrəz” sözünün transformasiyasından istifadə edirlər (rice, rıs, roz, riz, arroz və s).

Bizdə isə, çox güman ki, Çin dilinin Cənubi Min ləhcəsində “tiyu” və ya Kanton ləhcəsində “dou” kimi səslənən sözlərdən götürmüşük.

9. Daxma sözünün etimologiyasını araşdıranda ortaya bunlar çıxdı.

Qədim fars dilində daxma sözündəki “dax” hissəciyi, yandırmaq mənasını verən dağ sözündən yaranıb. Dilimizdə nəyisə yandırmaq, od vurmaq mənasını verən dağlamaq sözü, elə həmin “dax” hissəciyindəndir.


Qədim arilər meyitləri “daxmək” (yəni “yandırılma yeri”) adlı xüsusi bir yerdə yandırarmışlar. Lakin sonralar arilərin yaşadığı məkanlarda Zərdüştilik dini geniş vüsət alır. Zərdüştilik dininə görə odu və torpağı meyitlərlə murdarlamaq olmazdı və bu səbəbdən də həmin daxmalarda meyitləri qurda-quşa yem etdirməyə başladılar. Və beləcə, əslində “yandırılma yeri” mənası verən daxma, “sükut qülləsi”nə çevrildi.

Dilimizdə olan, amma mənasını bilmədiyimiz fars mənşəli sözlər

Bu xəbər 1 406 dəfə oxunub.

RƏYLƏR

Facebook vasitəsi ilə siz fikirlərinizi bölüşə biləcəksiniz.