İyulun 26-da Bakının Xəzər, Nəsimi və Binəqədi rayonlarında polis tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan 23 nəfər saxlanılıb.

Mərdəkan qəsəbəsində narkotik satan və əvvəllər məhkum olunmuş üç qardaş saxlanılıb. Onların evlərinin həyətində çəkisi 27 kiloqram olan 35 ədəd çətənə kolu, 5 qram marixuana, 29 qram heroin, 9 qram metamfetamin aşkar edilib. Şübhəli bilinənlərdən biri narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Xəzər rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 13 nəfər saxlanılıb.

Nəsimi rayonunun “Kubinka”, “Şamaxinka” ,“Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan daha 6 nəfər tutulub. Onların üzərindən külli miqdarda satış üçün nəzərdə tutulan heroin, metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Binəqədi qəsəbəsində psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Onun üzərindən və evindən 1 kiloqram 240 qram metamfetamin, 6 qram heroin və tiryək aşkar olunub. Şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunub.

Son iki həftədə 11 kq metamfetamin dövriyyədən çıxarılıb.