Bakıda toy məclisi edən şadlıq saraylarında, restoranlarda və digər qapalı yerlərdə yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirilir. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Şadlıq evlərində keçirilən reydlər zamanı vətəndaşların və işçilərin COVID-19 pasportu yoxlanılır, iştirak edən vətəndaşların sayı, sosial məsafənin qorunmasına ciddi fikir verilir. Ticarət mərkəzlərində tibbi maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır.

Reydlər zamanı aşkar edilən nöqsanlarla bağlı operativ tədbirlər görülür, pozuntulara yol verən şəxslərə qarşı cərimə tətbiq olunur. Bu tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.

Son həftə ərzində Azərbaycanda koronavirus infeksiyasına 2123 yeni yoluxma faktı qeydə alınıb.