İyulun 28-də Azərbaycan XİN Ermənistanla sərhəddəki durumla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistan rəhbərliyinin üzərindədir.

Bakı Yerevanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son vermələri üzrə danışıqlara başlamağa çağırır. Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, 28 iyul 2021-ci il tarixində Ermənistan Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.