Binəqədi rayonunun sakinləri susuzluqdan əziyyət çəkir. Bu haqda Baku TV iyulun 28-də hadisə yerindən reportaj çəkib.

Sakinlərin sözlərinə görə, beş ildir yaşadıqları məhəlləyə su gəlmir.

“Biz su maşınına pul çatdıra bilmirik, əvvəl 20 manata gətirirdilər suyu, indi isə 60 manata. Uşaqlarımız qollarında su daşıyırlar. Yay aylarında ümumiyyətlə bir damla su tapılmır, ağaclar quruyur,” – deyə yerli sakinlər bildirib.

“Küçəmizdə şəhid bulağı var, lakin su olmadığından bulağa kran çəkilməyib. Adı var bulaqdı, sadəcə şəhidimizin şəklini asmışıq. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, işimizə baxan yoxdur,” – vətəndaşlardan biri deyib.

Məhəllənin problemi ilə bağlı Binəqədi İcra Hakimiyyətindən bildirilib ki, mərkəzləşdirilmiş su xəttinin çəkilişi plana salınıb. “Azərsu” ASC layihənin eskizini təsdiqləyib. Problem qısa zamanda öz həllini tapacaq.