İyulun 28-də 00:50 radələrindən başlayaraq Kəlbəcər rayonu ərazisindəki mövqelər atəşə tutulub. Nəticədə Azərbaycan ordusunun iki hərbi qulluqçusu yaralanıb. Onlara ilkin tibbi yardım göstərilib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri Basarkeçər rayonundan atəş açıb. Azərbaycan ordusu tərəfindən cavab tədbirləri görülüb.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, atışma nəticəsində üç erməni hərbçisi ölüb, ikisi yaralanıb.

Bu həftə ərzində Kəlbəcər rayonu üç dəfə atəşə tutulub. Daha öncə 26 və 27 iyul tarixlərində Ermənistan silahlı qüvvələri Basarkeçər rayonundan Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndlərini snayper, avtomat və pulemyotlardan atəşə tutub.