Bakı şəhərində fəaliyyət göstərən 2 tibb müəssisinin işçiləri peyvənd olunmadan, pul müqabilində vətəndaşlara vaksinasiya sənədləri təqdim ediblər. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti bu gün, 2 avqust tarixində məlumat yayıb.

1 saylı Sabunçu rayon poliklinikasının qeydiyyatçısı Nəzrin Məmmədova, həmən müəssisəsinin həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq, vətəndaşlara saxta COVİD-19 pasportları satıblar. Onlar bir pasport üçün 150 manat pul alıblar.

Oxşar hadisə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində qeydə alınıb. Həkim Ayaz Kərimov və tibb bacısı Kəmalə Əliyeva vətəndaşlara peyvənd olunmadan sənədlər təqdim ediblər.

Hər iki faktla bağlı istintaq tədbirləri aparılır.

Azərbaycanda koronavirus əleyhinə peyvəndlənmə 2021-ci il 18 yanvar tarixindən başlayıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5.041.622-dir. Onlardan 1-ci mərhələ üzrə peyvənd olunanların sayı 2.924.126, 2-ci mərhələ üzrə isə 2.117.496 nəfərdir.