Avqustun 2-də, Bakıda Fikrət Əmirov küçəsi 1 ünvanında, Xalq artisti Amaliya Pənahovanın yaşadığı evdə onun xatirəsinə barelyef açılıb. Tədbirdə görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, həmçinin aktrisanın oğlu, diplomat İlqar Muxtarov iştirak edib.

Barelyefin müəllifi Azərbaycanın xalq artisti Natiq Əliyevdir.

Açılışda Azərbaycanın mədəniyyət naziri Anar Kərimov öz çıxışında aktrisanın teatr və kinoda dərin iz buraxdığını vurğulayıb. Barelyefin açılışı milli sənətkarın yaradıcılıq irsinə böyük sevginin və dərin ehtiramın növbəti təzahürüdür, – deyə nazir əlavə edib.

Amaliya Pənahova 15 iyun 1945-ci ildə Gəncədə anadan olmuşdur. Teatr və kinoda 500-dən çox rol oynamış və eyni zamanda 20-ə yaxın tamaşaya rəhbərlik etmişdir. 8 noyabr 2018-ci ildə 73 yaşında Bakıda xərçəng xəstəliyindən vəfat etmişdir.