Bakının Xətai rayonunda 6 saylı “ASAN xidmət” mərkəzinin açılışı bu gün, 3 avqustda olub.

Yeni mərkəzdə qeydiyyat yerindən asılı olmayaraq vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstəriləcək. 230 əməkdaş və 85 könüllü çalışacaq. İşçilərin mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarət olacaq.

Hazırda fəaliyyət göstərən 20 “ASAN xidmət” mərkəzinin 5-i Bakıda yerləşir. Bu günədək “ASAN xidmət” qurumuna 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub.

Bundan öncə, 28 iyul 2021-ci il tarixində 3 saylı “ASAN kommunal” mərkəzinin açılış mərasimi keçirilmişdir. Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək.