Bu gün, 6 avqust Bakıda quruyan nadir Eldar şamlarının yeniləri ilə əvəzlənməsi şərtilə kökündən çıxarılır. Bu qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilib.

Mütəxəssislərinin iştirakı ilə yaradılan xüsusi komissiya Abşeron yarımadasında mövcud Eldar şamlarının bir hissəsi göbələk xəstəliyi səbəbindən qurumasını qeyd edib. Ağacların kökündən çıxarılması xəstəliyin digər ağaclara keçməsinin qarşısını alacaq.

Bu işlərin aparılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb. Əvvəl qurumuş xəstə ağaclar kökündən çıxarılır, daha sonra digər ağacların qorunması üçün tədbirlər görülür.

Əkin mövsümündə kökündən çıxarılmış ağacların yerində yeniləri əkiləcək.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtda mərhələli şəkildə bu prosesi davam etdirəcək.

Bu gün, həmçinin “Real-Park” MMC tərəfindən ərazidə aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyi və təbiətə 5280 manat məbləğində ziyan dəydiyi aşkarlanıb. Dəymiş ziyanın məbləği cinayət tərkibli olduğundan sənədlər Baş Prokurorluğa göndərilib.