Bakının Xətai rayonu Gəncə prospekti ilə Xudu Məmmədov küçələrinin kəsişməsində yerləşən heyvan kəsimi məntəqəsinin qanunsuz işlədiyi aşkar olunub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu gün 10 avqust tarixində məlumat yayıb.

Rasim Qafarov və Yasin Səfərova məxsus olan məntəqədə heyvan ətlərinin baytarlıq sənədlərinin olmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin sanitar geyimlə təmin edilmədiyi müəyyən edilib. Müəssisənin fəaliyyəti məhdudlaşdırılaraq rəhbərliyi məsuliyyətə cəlb olunub.

Bundan əlavə, ötən gün ərzində koronavirus pandemiyası ilə əlaqədar AQTA ölkə üzrə 402 ictimai iaşə obyektlərində monitorinq keçirib. 8 müəssisə inzibati məsuliyyətə cəlb olunub.