Gənc musiqiçi İsgəndər Həsənzadə məşhur ifaçı Dimaş Kudaibergenin dəstəyi ilə keçirilən “Baqytty Bala” (“Xoşbəxt uşaq”) adlı beynəlxalq uşaq vokal müsabiqəsinin finalına vəsiqə qazanıb. Müsabiqə hər il Qazaxıstanda keçirilir. Final konserti sabah, 11 avqust Aktobe şəhərində keçiriləcək.
Finalda Qazaxıstan, Azərbaycan, Rusiya, Ukrayna, Bolqarıstan, Polşa və Yunanıstandan 20 musiqiçi iştirak edəcək.
Müsabiqə 2017-ci ildən keçirilir. Münsiflər heyətinə göndərilən bütün videogörüntülər arasından ən yaxşı 20 ifaçı seçilir.
İsgəndər Həsənzadə beş yaşından vokal ilə məşğul olur, altı yaşından etibarən Georgi Şaroev adına 35 nömrəli Bakı Uşaq Musiqi Məktəbində təhsil alır. 15 musiqi yarışmasında iştirak etmişdir. “Golden Voice” (“Qızıl Səs”) uşaq ifaçılarının beynəlxalq müsabiqəsinin iki nominasiyasının sahibidir.