Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən 13 binadan ibarət 4000 sakini əhatə edir. Abadlaşdırılan həyətda əlil və sağlamlığında problem olan insanlar üçün rahat hərəkəti nəzərə alınıb, uşaq meydançası tikilib. Yeni həyətin ərazisində 12 ədəd söhbətgah inşa edilib, oturacaqlar, müxtəlif idman qurğuları, şahmat meydançaları, velosiped yolu salınıb.

Sakinlərin rahatlığı üçün binalarda yeni liftlər, işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb. Həmçinin binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub.

Həyətin ərazisində 30 ədəd ağac əkilib və 2500 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

“Bizim həyət” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.