Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 11 saylı poliklinikanın əməkdaşları vətəndaşlara saxta Covid-19 pasportları satıblar. Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi araşdırma aparıb və bu gün, 17 avqust məlumat yayıb.

Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata əsasən, həmin poliklinikanın əməkdaşları pul müqabilində vətəndaşlara vaksin vurulmamış Covid-19 pasportları veriblər. Bununla bağlı iki maddə ilə cinayət işi açılıb.

Oxşar hallarla rastlaşan vətəndaşların korrupsiyaya qarşı mübarizə baş idarəsinin “161-Qaynar xətt” nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bundan öncə, 1 saylı Sabunçu rayon poliklinikası və Kürdəxanı sağlamlıq mərkəzinin əməkdaşları vətəndaşlara peyvənd olunmadan sənədlər təqdim etmişdirlər.