Televiziya aparıcısı, aktyor, rejissor, ssenari müəllifi İlham Qasımov 20 avqust 1977-ci ildə Bakıda anadan olub.
İlk təhsilini 261 nömrəli məktəbdə alıb. Məktəbdə oxuyarkən İlham müxtəlif səhnəciklər hazırlayıb, çıxış edirdi. Ali təhsilini Azərbaycan Texniki Universitetində alıb. Universitet illərində də sənətə maraq göstərib, “Azərbaycan Dövlət İqtisad Universiteti”nin KVN komandasında çıxış edib və komandası ilə 1994-cü və 1995-ci ildə Azərbaycan çempionu olub.
Aktyorluq karyerasını 1994-cü ildə, “Yuxu” (film 2001-ci ildə ekranlara çıxıb) filmində Əliabbas rolunda çəkilərək, başlayıb. 2000-ci ildə İlhamə Quliyevanın “İncitmə qəlbimi” klipində rejissorluq edib. Aparıcı qismində isə ABA TV-də “Məhəbbət Üçbucağı”, “Music ball”, “Nərdivan” verilişlərində çıxış edib.
2001-2006-cı illərdə “Planet Parni iz Baku” KVN teatrının üzvü olub. 2003-2004-cü illərdə “Məhəllə 1” və “Məhəllə 2” filmlərində Ruslan (Rusik) obrazını canlandırıb.
İlham 2015-ci ildə kinorejisor kimi fəaliyyət göstərməyə başlayıb. “Oğlan evi”, “Oğlan evi 2”, “Tayson” kinokomediyalarına rejissorluq edib. 2017-ci ildə “Oğlan evi” filmi Azərbaycanda “ilin Youtube videosu” seçildiyinə görə “Bomba” mükafatına layiq görülüb.
Hazırda İlham Qasımov reklam və kommersiya filmləri çəkilişləri ilə məşğul olan şirkətin rəhbəridir.