25 avqust tarixində Sabunçu rayonunda “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.

“Bizim həyət” layihəsi Sabunçu rayonu, Adil Əlibabayev küçəsində yerləşən 5 binanın 2000 sakinini əhatə edir. Abadlaşdırılan həyətdə əlil və sağlamlığında problemi olan insanların rahat hərəkət etməsi nəzərə alınıb, uşaq meydançası tikilib. Yeni həyətin ərazisində 8 ədəd söhbətgah inşa edilib, oturacaqlar, müxtəlif idman qurğuları, şahmat meydançaları, velosiped yolu salınıb.

Sakinlərin rahatlığı üçün binalarda yeni liftlər, işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb. Həmçinin binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub.

Həyətin ərazisində 30 ədəd ağac əkilib və 2000 kv.m. ərazidə yaşıllıq zolağı salınıb.

“Bizim həyət” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Məqsəd Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.