Tələt Ağasıbəy oğlu Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində əsilzadələr (aristokrat) ailəsində anadan olmuşdur.

Memar Tələt Xanlarov 60-dan artıq layihənin müəllifidir. Onların arasında Heydər Əliyev adına İdman Arenası, Memar Əcəmi metrostansiyası, Mərkəzi Statistika Komitəsi, Baş Təchizat idarəsinin Hesablama mərkəzi, Nərimanov və Nizami rayonlarında icra hakimiyyətlərinin inzibati binaları, Sumqayıt şəhərində Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayı vardır.

1937-ci ildə Tələt Xanlarovun atası Ağasıbəy Stalin repressiyalarının qurbanı olmuşdur. Tələt “Bakproekt” trestində texnik-layihəçi kimi çalışırdı, axşam isə kommunal-tikinti texnikumunda təhsil alırdı. Xanlarov 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.  Həmin il Dövlət Tikinti və Arxitektura Komitəsinin (DTAK) “Azərdövlətlayihə” emalatxanasında memar kimi işə başlayıb.

Gördüyü işlər sayəsində 1963-cü ildə artıq DTAK-in “Azərdövlətlayihə” №2 emalatxanasının başçısı təyin edilib və 1992-ci ilə qədər burada işləyib.

1992-ci ildə Tələt Xanlarovun adını daşıyan emalatxanada başçılıq etmişdir. Bakı şəhəri və onun ətraf qəsəbələrində “İmam Rza” məscidi, Qafqaz İslam Universitetinin kompleksi, Nərimanov rayonunda Cümə məscidi, prokurorluğ işçilərinin yaşayış binası layihələrini tərtib etmişdir.

1967-2002-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq İdarəsinin Şəhərsalma Şurasının üzvü, 1992-ci ildən Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) vitse-prezidenti kimi fəaliyyət göstərmişdir.

Tələt Xanlarov Dövlət mükafatı laureatı (1967-ci il), Azərbaycan Respublikası Əməkdar memarı (1975-ci il), “Şöhrət” və “Şərəf nişanı” ordenləri layiq görülmüşdür. O, həmçinin prezident təqaüdçüsü olmuşdur.

Tələt Xanlarov 2004-cü ildə Bakıda vəfat edib.