Bakı Tibb Kolleci əlil abituriyentlər üçün “Müalicə masajı” ixtisasına 20 plan yer ayırıb. 2021/2022-ci tədris ili üçün kollec 15 yer azərbaycan, 5 yer rus bölməsi üçün ayırıb.

1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə imtahanından topladığı ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Onlar sənədlərini avqustun 30-dan sentyabrın 3-dək Dövlət İmtahan Mərkəzinə təqdim edə bilərlər.

Sənədlərin siyahısı bunlardır:

– Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış

– Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086)

– Abituriyentin elektron ərizəsi

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.