Bakıda yerləşən “Zoobulvar” əyləncə mərkəzindəki alpaka ötən gün şamaxıdakı fermaya aparılıb. Bu haqda İctimai TV məlumat yayıb.
Alpaka kontakt zoopark tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib və Şamaxıda yerləşən Alpaka fermasına gətirilib.
“Alpakanı yoxladıq. Pis vəziyyətdədir. Çox arıqdır. Dişlərini çıxartmalı olacağıq, ancaq düşünürəm ki, vəziyyəti yaxşılaşacaq. Əlimizdən gələni edəcəyik” – Almaniyalı baytar Yo Kalin bildirib.
14 gün karantində qaldıqdan sonra Alpaka açıq havaya buraxılacaq.
Bir neçə gün öncə kontakt zooparkda saxlanılan alpakanın baxımsız vəziyyətdə olması məlumatı sosial şəbəkələrdə yayılmışdır. Bununla bağlı ETSN heyvanı nəzarətə götürmüşdü.
Alpaka ferması Şamaxı rayonunun Meysəri kəndində yerləşir. Alpaka zahirən lamaları çox xatırladan Cənubi Amerika heyvanlarıdır.