Bibi-Heybət məscidi Bakıda, Səbail rayonunda yerləşir və indiki binası 1998-1999-cu illərdə inşa olunub. Keçən əsrin 30-cu illərinə qədər burada eyniadlı qədim məscid yerləşirdi.

Köhnə məscidin divarındakı ərəbcə yazıda deyilirdiː “Mahmud ibn Sədin əməlidir”. Memar XIII əsrdə yaşadığına görə, məscid də həmin vaxta aid olunurdu. Xalq əfsanəsinə görə, səkkizinci imam Əli Rizanın bacısı Həkimə xanım xəlifələrin əlindən Bakıya qaçmışdı. O, burada kiçik məscid inşa etdirmişdir. Həkimə xanımın ölümündən sonra xidmətçisi Heybət onu burada dəfn etmişdir. Heybət Həkimə xanıma bibi dediyinə görə, məscid Bibi-Heybət (yəni Heybətin bibisi) adını daşıyırdı.

XX əsrin tədqiqatçıları A.A.Bakıxanovun, İ.Berezinin, B. Dornun və N. Xanıkovun əsərlərində məscidin divarındakı başqa bir yazının olduğu qeyd olunmuşdur. Yazıya əsasən, məscidi Şirvanşah hökmdarı inşa etdirmişdir. Qeyd olunan kitabədə belə yazılıb: “Bu məscidi tikməyi əzəmətli məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlər əmirinin köməkçisi Əbü-l-Fəth Fərruxzad ibn Axsitan, ibn Fəribürz, Allah onun hakimiyyətini ucaltsın… səksəninci il tarixdə (1281/2-ci il) əmr etdi”. XX əsrin əvvəllərində, tikinti işləri zamanı bu yazı itirilmişdir.

Köhnə “Bibi-Heybət” dini-xatirə kompleksinə əsas bina, cənub və şimal qapıları, məqbərə, ovdanlar (quyular), hovuzlar və bir sıra təsərrüfat və xidmət binaları daxil idi. Səfəvi hökmdarı I Təhmasib 1568-1570-ci illərdə burada kiçik məqbərə binası tikdirmişdir. I Şah Abbas isə 1609-1610-cu illərdə şimal qapısını inşa etdirmişdir. Şimal tərəfdə, 1900-cü illərdə burada ikinci məscid inşa edilmişdir.

1789-cu ilin mart ayında Qubalı Fətəli xan Bakıda vəfat etmiş, Bibi-Heybət məscidinin qəbiristanlığında dəfn edilmişdir.

“Bibi-Heybət” dini-xatirə kompleksi sovet dövründə, 1936-cı ilin sentyabrında partladılmışdır. Partlayışdan əvvəl Azərbaycan Tarix Muzeyinin o vaxtkı direktoru Mövsüm Sənanzadə Qubalı Fətəli xanın qalıqlarını və məzar daşını məsciddən çıxarmağı və onları qorumağı bacarmışdır.

Mənbələr:

  1. Рудольф Гиль “Привет из Баку” 2014
  2. Паша-заде Энвер Мансур оглы. Мечети и церкви старого Баку: Ч. 1-2. 1997
  3. Ашурбейли Сара. История города Баку: период средневековья. Баку, Азернешр.1992
  4. Шахла Нуризаде. Биби-Эйбат. Здесь возносят молитвы, здесь обретают исцеление. irs-az.com (2007)

    Foto Bakuplus.az
    Foto Bakuplus.az
Foto açıq mənbədən
Foto açıq mənbədən
Foto açıq mənbədən
Foto açıq mənbədən