Həftəsonları ictimai nəqliyyatın qadağası ilə bağlı paytaxt sakinləri alternativ sərnişindaşımadan istifadə edirdilər. Bu vəziyyət karantin rejiminin uzadılması ilə əlaqədar 8 noyabradək davam edəcək.

Bu cür hallar şənbə və bazar günləri taksilərin iki qat qiymətə işləməsinə səbəb olur və paytaxt sakinlərinin getdikləri ünvana çatmalarını çətinləşdirir.

Alternativ vasitə olaraq “manatlıq taksilər” fəaliyyət göstərir. Bəzi sürücülər rəsmi və ya qeyri-rəsmi olaraq mikroavtobus və digər nəqliyyat vasitələri ilə şəhərin bir çox nöqtələrinə sərnişin daşıyır. Əsasən 28 may metrosu, 20 yanvar dairəsi, Koroğlu və Əhmədli metrostansiyası çıxışlarından adam yığır və fərqli istiqamətlərə 1-2 manata aparırlar.

Bir ildən çoxdur ki, COVİD-19 pandemiyası ilə bağlı şənbə, bazar və bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.