Bakıda “Azərsu”-yun adından istifadə edən dələduz ortaya çıxıb. Bu barədə bu gün, 3 sentyabr, “Azərsu” məlumat verib.

Özünü Əli kimi təqdim edən şəxs Sabunçu rayonu ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək əhalidən pul yığır. Pulu vermədikləri təqdirdə borca görə suyun kəsiləcəyini bildirir.

Bir neçə abonent Sabunçu rayon Sukanal İdarəsinin mühəndisi Elçin Quliyevə bildirib ki, ondan əvvəl başqa bir əməkdaşa nəğd qaydada pul ödəyiblər.

Ərazidəki müşahidə kameralarından həmin şəxsin görüntüsü əldə edilib, faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

“Azərsu” öz abonentlərinə müraciətində əməkdaşlardan vəsiqə tələb etmələrini, heç bir halda onlara nəğd pul ödəməmələrini bildirib.