Bakının Nəsimi rayonunda özünü “Azəriqaz” əməkdaşı kimi təqdim edən üç fırıldaqçı peyda olub. Bu barədə “Azəriqaz”ın mətbuat xidməti məlumat yayıb.
Onlar əlində köhnə qaz sayğacı ilə abunəçilərin qapısını döyərək, onlara sayğacın əvəz edilməli olduğunu bildirirlər. Əks təqdirdə cərimələnəcəklərini iddia edərək insanlardab pul tələb ediblər. Qurumdan bildiriblər ki, şahidlərin sözlərinə görə dələduzlar həqiqətən də Azəriqazın işçilərinə oxşayırlar.
“Azəriqaz” öz abonentlərinə müraciətində əməkdaşlardan vəsiqə tələb etmələrini, heç bir halda onlara nəğd pul ödəməmələrini bildirib. Qeyri-qanuni əməllər ilə rastlaşdıqda dərhal 104/185 saylı Çağrı Mərkəzinə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə məlumat versinlər.
Oxşar hadisə Bakı şəhəri Sabunçu rayonunda baş verib. Özünü Əli adlı Sabunçu rayonu ərazisində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edən şəxs əhalidən pul yığmışdır. Pulu vermədikləri təqdirdə borca görə suyun kəsiləcəyini bildirmişdir.