Sentyabrın 3-dən 4-nə keçən gecə Bakının müxtəlif rayonlarında 4 qəza baş verib.

Təbriz küçəsində “Mercedes-Benz” və “Ford” markalı avtomobillər toqquşub. Hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.

Nizami rayonunda Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb. İki “Mercedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində onlardan biri idarəetməni itirib və işıqfora çırpılıb.

Səbail rayonunda qəza zamanı piyada xəsarət alıb. 60 yaşlı Xəzangül Məmmədova yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili yardım briqadası cəlb olunub, qadın xəstəxanaya yerləşdirib. Ona başın ənsə nahiyyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Daha bir xəsarətlə nəticələnən qəza Yasamal rayonunda, motosikletlə minik avtomobilin toqquşması nəticəsində baş verib. Motosikletdə olan sərnişin, 21 yaşlı Sevda Mehbalıyeva hər iki ayağın çox saylı sıyrıntıları ilə xəstəxanaya aparılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.