Bakının bəzi küçələrində piyada keçidlərinin olmaması və ya mövcud zolaqların silinməsi birbaşa olaraq piyadaların həyatına təhlükə yaradır. Babək prospektində yolun təqribən 2 km-lik hissəsində ümümiyyətlə piyadalar üçün yerüstü keçid və ya zolaq yoxdur.

Bu vəziyyət əsasən də valideynləri narahat edir. Məktəblər açılan zaman yolu keçməli olan şagird və valideynlər yenidən eyni problemlə üzləşməli olacaqlar. Sakinlərin sözlərinə görə həmin ərazidə 2-3 gündən bir piyadaların vurulması ilə nəticələnən qəzalar baş verir.

Şəhər istiqamətindən Babək prospektinə girişdə qoyulan piyada zolağı barədə nişan isə həm sürücülər, həm də piyadalar üçün təhlükə mənbəyi olaraq qalır. Yolu dönən sürücülərin qəfil piyada keçidi ilə qarşılaşması qəzaların baş verməsinə səbəb olur.

Həmin ərazidə Nəcəfqulu Rəfiyev küçəsindəki piyada zolaqlarının silinməsi barədə sürücülər də narahatlıqlarını bildiriblər.