Bakı şəhəri Yasamal rayonunda 7 sentyabr gecə saatlarında iki qəza baş verib.

Saat 23:00 radalərində Yasamal rayonu Mətbuat prospektində zəncirvari qəza baş verib. “Hyundai” markalı avtomobil sola dönərkən qəfildən əyləcə basıb. Həmin vaxt sürətlə hərəkət edən “Kia” markalı avtomobil “Hyundai”-a çırpılıb, bundan sonra daha bir “Kia” avtomobili “Kia” avtomobili ilə toqquşub. Xəsarət alan olmayıb, lakin avtomobillərə ziyan dəyib.

Daha sonra, saat 02:00 radalərində Yasamal rayonunda iki avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində 25 yaşlı Əfqan Əhmədzadə, 24 yaşlı Mətləb Məmmədov və 25 yaşlı Tural İslamlı müxtəlif xəsarətlər alaraq təcili  tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Bundan öncə, 4 sentyabr tarixində Yasamal rayonunda xəsarətlə nəticələnən qəza motosikletlə minik avtomobilin toqquşması nəticəsində baş vermişdir. Motosikletdə olan sərnişin, 21 yaşlı Sevda Mehbalıyeva hər iki ayağın çox saylı sıyrıntıları ilə xəstəxanaya aparılmışdır.