Paytaxtın 5 rayonunda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb. Bu haqda bu gün, 9 sentyabr tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Yasamal və Səbail rayonlarında Xənbaba Abbazadə, Qəhrəman Qədimov və Elxan Əhədli şübhəli bilinərək saxlanılıblar. Onların üzərindən 2,5 kiloqram marixuana, 7 kiloqrama yaxın heroin və 6600 ədəd narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında daha bir əməliyyat Xətai, Nəsimi və Abşeron rayonlarında keçirilib. Nəticədə Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlı saxlanılıblar.

Ümumilikdə son sutka ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisində 68 kiloqrama yaxın narkotik vasitə, 6600 ədəd psixotrop tərkibli həb və 510 kiloqram çətənə kolu dövriyyədən çıxarılıb.