Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Şəhriyar adına Mədəniyyət və İstirahət Parkı uzun müddətdir baxımsız vəziyyətdədir. Bu haqda Xəzər TV öz səhifəsində reportaj paylaşıb. 

Vaxtilə sakinlərin ən çox üz tutduğu parkı indi yalnız bir neçə nəfər ziyarət edir.

Sakinlərin sözlərinə görə, ağaclar uzun müddətdir ki, sulanmır, lazımi qulluq edilmir.

Ümumi sahəsi 1 hektardan çox olan ərazidə aşan ağaclar kəsilib götürülmür, bəzi sahələr isə kolluqla bağlanıb.

Attraksionlar və parkın mərkəzində yerləşən fəvvarə işləmir, istirahət güşəsində yararsız vəziyyətdə olan oturacaqlar insanlar və xüsusilə uşaqlar üçün təhlükə yaradır.

Sakinlərin daha bir şikayəti işıqlandırma sisteminin olmamasıdır. Gecə saatlarında bu parka əsasən tüfeyli həyat tərzi keçirən insanlar üz tutur.

Şəhriyar adına Mədəniyyət və İstrahət Parkının direktoru Şakir Hacıyev yaranmış vəziyyətdən narahat olduğunu bildirib. Həmçinin, o, əlavə edib ki, yaxın zamanlarda park təmirə bağlanacaq.

Şəhriyar parkı 1920-1930-cu illərdə salınmış Feliks Dzerjinskinin adına parkın bir hissəsidir. Sovet dövründən sonra, parkın sahəsi bir neçə hissəyə bölünüb. Həmçinin bu sahədə “Şuşa”, “Bakı”, “Çanaqqala” restoranları tikilmişdir. “Gənclik” metrostasiyasından aşağı Xətai küçəsinədək avtomobil yolu və Dədə Qorqud parkı salınmışdır.