Ötən gün Bakı və Kiyev arasında qardaşlaşma haqqında niyyət protokolu imzalanıb. Bu haqda bu gün, 11 sentyabr tarixində məlum olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ukraynaya səfəri zamanı Kiyev meri Vitaliy Kliçko ilə görüşüb.

Hər iki tərəf qeyd olunan sazişin paytaxtlar arasında əməkdaşlığı və əlaqələri gücləndirəcəyinə inanırlar.

“Biz Bakıda həyata keçirilən bəzi müasir layihələri öyrənərək Kiyevdə tətbiq edirik. Ümid edirəm ki, yaxın gələcəkdə Bakıya növbəti səfərim zamanı yeni maraqlı layihələrin şahidi olacağam”, – deyə Vitali Kliçko bildirib.

“Bakı və Kiyev şəhərləri arasında əməkdaşlığın inkişafı bizi sevindirir. Ukrayna paytaxtında da maraqlı layihələr həyata keçirilir və biz bu səfər çərçivəsində bunun şahidi olduq”,- Eldar Əzizov əlavə edib.

İmzalanma mərasimində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da iştirak edib.