Bakıda qapalı məkanlarda uşaqlardan giriş üçün kimlik istənilir. Bu barədə 11 sentyabr tarixində məlum olub.

Mollara, kafe və restoranlara giriş zamanı vətəndaşlardan COVİD pasportu tələb olunur, onlar sənədi göstərsələrdə yoxlayan şəxslər onlardan əlavə olaraq şəxsiyyət vəsiqələri tələb edirlər. Cüssəli görünən azyaşlılardan da COVİD pasportu istənilir, şəxsiyyət vəsiqəsi üzərində olmayan, yaşını təsdiqləyə bilməyənlər içəri buraxılmır. Bu hal isə sakinlərin narazılığına səbəb olur.

“Azyaşlılar məsələsinə gəlincə, bəzi uşaqlar yaşlarından daha böyük görünür deyə, biz təhlükəsizlik məqsədilə yoxlanış edirik. Burada məqsədimiz dövlətin ticarət mərkəzlərinə qoyduğu qanunlara tam əməl etməkdir,” – Gənclik Mollun mətbuat xidmətinin əməkdaşı məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, yoxlanış zamanı əsas önəm şəxsiyyət vəsiqəyə verilir. TƏBİB-in yaratdığı xüsusi mobil tətbiqdə COVİD-19 pasportun QR kodunu oxutduğu zaman yalnız vətəndaşın yaşıl hərflərlə peyvənd olunduğu göstərilir, amma kimliyi barədə heç bir məlumat çıxmır. Həmçinin qapalı məkanlara daxil olanlar başqasının COVİD pasportunu göstərə bilərlər deyə, yoxlanış aparanlar əlavə olaraq şəxsiyyət vəsiqəsini tələb edirlər.