27 sentyabr – Anım Günü və 8 noyabr – Zəfər Gününün qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən əmr imzalanıb.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlərin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi də planlaşdırılır. Təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri, intellektual oyunlar keçiriləcək.

Şagirdlərin Vətən müharibəsi memorial kompleksinə və Zəfər muzeyinə ekskursiyalarının təşkili, o cümlədən “Zəfər tarixi” adlı elmi-praktik konfransın keçirilməsi də tədbirlər planına daxildir.

Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil ediləcək.