Bakının Suraxanı rayonunda daha bir həyət abadlaşdırılaraq istifadəyə verilib. Təmir-bərpa işləri “Bizim həyət” layihəsi çərçivəsində həyata keçirilib.

Yenilənmiş həyət Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış massivində 1814 nəfər sakinin yaşadığı 1- 5 saylı binaları əhatə edir.

Yeni həyətin ərazisində 11 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb. Abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və idmanla məşğul olması üçün müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb.

Sakinlərin istək və maraqları nəzərə alınıb. Həyətdə mühafizə kameraları, yeni işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara elektromaqnit kartla giriş sistemi tətbiq edilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 300 ədəd ağac əkilib və 1650 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

Bununla bərabər paytaxtın Qaradağ rayonunda da İcra Hakimiyyəti tərəfindən abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.