Paytaxtın Nəsimi rayonunda 30.000 manatdan çox pul mənimsəməyə görə cinayət işi başlanılıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Vətəndaş müraciəti əsasında keçirilən əməliyyat zamanı MTKB-nin 14 saylı mənzil istismar sahəsinin rəisi Elçin Dinayevin 2018-2021-ci illər ərzində vətəndaşlara işə gəlməmək üçün şərait yaradaraq onların maaşlarını mənimsəməsi aşkar olunub. Dinayev ümumilikdə 23.449 manat ələ keçirib.

Həmçinin, eyniadlı qurumda mühəndis kimi işləyən Naidə Əhmədova və mühasib vəzifəsini icra edən Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən eyni yolla 10.873 manat pul mənimsəmələri müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Oxşar hadisəylə bağlı cinayət işi 15 sentyabr tarixində açılmışdır. OBA marketin Alatava-1 filialının administratoru Nicat Dadaşov pul mənimsəməkdə ittiham olunurdu.