Bakıda 2030-cu ilə kimi yeni 51 metro stansiya tikilib istifadəyə veriləcək. Bu haqda 17 sentyabr tarixində “Bakı Metropoliteni” QSC-nin rəsmisi Bəxtiyar Məmmədov bildirib.
Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq: “Yaşıl”, “Qırmızı”, “Sarı”, “Bənövşəyi” və “Mavi”. Yeni inşa edilən xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq.
Tikiləcək metro stansiyaların siyahısı:
- “Qırmızı xətt” üzrə “İçərişəhər”dən, Badamdar qəsəbəsindən keçməklə, Zığ qəsəbəsinə qədər 4 stansiya inşa ediləcək.
- “Yaşıl xətt” boyu Nobel prospektindən başlayaraq Dərnəgül stansiyasına kimi 10 keçid stansiyası olacaq.
- “Bənövşəyi xətt” üzrə ümumilikdə 1-i yerüstü olmaqla, 13 stansiya və bir depo olacaq. Bu xətt Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq.
- “Mavi xətt” üzrə 11 stansiya və Ramana qəsəbəsində bir depo tikiləcək. Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək uzanacaq.
- “Sarı xətt”in üzərində 11 stansiyanın tikilməsi planlaşdırılır. Bu xətt Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinə kimi , oradan isə Şıx çimərliyinin yaxınlığına qədər uzanacaq.
Qeyd ədək ki, hal-hazırda metroda 26 stansiya var.