BBC Bakı şəhəri və paytaxtın görkəmli memarlıq abidələrinə “Müasir memarlığın mayakı olmaq üçün Azərbaycanın paytaxtı Bakı öz irsinin əsasında necə quruldu” adlı məqalə həsr edib.
Məqalədə həm tarixi, həm də müasir binalar və memarlıq kompleksləri qeyd olunub. Belə ki, materialda Bakıdakı UNESCO-nun mədəni irs siyahısına daxil olan qədim İçərişəhər qoruğu, o cümlədən Şirvanşahlar Sarayı, Qız Qalası haqqında məlumat verilib.
Bibi-Heybət və Heydər məscidlərinə xüsusi diqqət yetirilib.
Müasir memarlığın nümunələri kimi Heydər Əliyev mərkəzi, Alov qüllələri, Kiçik Venesiya, Xalça Muzeyi və s. barədə məlumatlar da BBC-nin məqaləsində yer alıb.
Orada sovet dövrünün memarlıq və mədəniyyət abidələri də təsvir edilib. Kəşfiyyat agenti Rihard Zorge abidəsi və memar Lev Rudnevin layihəsi üzərində tikilmiş Hökumət Evi ingilis jurnalistlərin diqqətini cəlb edib.
Məqalənin müəllifi Bakıda Şərq və Qərb üslublarının, tarixin eklektizminin və ultra-müasir memarlıq dizaynının birləşdirildiyini qeyd edib.