27 yaşlı MMA döyüşçüsü Nəriman Abbasov Rusiyada rəqibinə qalib gəlib. Bu barədə 18 sentyabr tarixində məlum olub. O, yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşıb.
Abbasov Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə rəqibi üzərində qələbə qazanıb. O, ilk raunddaca rəqibini nokauta salıb.
Qələbədən sonra Abbasov simvolik olaraq Həbibə “Çamadanım hazırdı” -deyə müarciət edərək Nurməhəmmədovun onu UFC-ə qəbul edəcəyi ilə bağlı söz verməsini xatırladıb.
Bu, Həbib Nurməhəmmədovun yeznəsi olan Zavurovun karyerasının son görüşü olub.
Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib.
Nəriman Abbasov 12 döyüşdür uduzmur. O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib. Bakılı idmançı 30-cu döyüşündə 27-ci qələbəsini qazanıb.