Azərbaycan Milli Qəhramanı şəhid Polad Həşimovun adını daşıyan küçə bir neçə müddət öncə təmir olunub. Lakin, həmin küçənin sakinləri abadlıq işlərindən narazıdırlar. 19 sentyabr tarixində Xəzər TV bu haqda reportaj hazırlayıb.

Küçənin əsas hissəsində təmirin aparılmasına baxmayaraq, ona birləşən həyətlərin küçələri hələ də asfaltsız qalır. Bəzi yerlərdə kanalizasiya qapaqları da qoyulmayıb. Sakinlər asfaltlanmış küçənin nisbətən hündür olması səbəbindən gələcəkdə yağış sularının evlərinə dolacağından narahatdırlar.

Qeyd olunan ərazidə sakinlərin əksəriyyəti hərbçi ailələridir.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanovun sözlərinə görə, həmin küçədə təmir işləri hələ ki yekunlaşmayıb.

Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi bildirib ki, Polad Həşimov adına küçə tamamilə təmir olunub, yola bitişən məhəllələr isə ilin sonuna qədər təmir ediləcək.

Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək 13 aprel tarixində Polad Həşimovun adı verilib.