Bakıda mənzillərdən 2 milyon manat oğurlayan alpinistlər Cavid Süleymanov və Əhməd Əhmədovun ilkin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. Cinayət işinə hakim Əfqan Hacıyev tərəfindən baxılacaq. Bu haqda bu gün, 21 sentyabr məlum olub.

Qeyd olunan şəxslər bu ilin 20 may tarixində saxlanılıb. Zərərçəkən Xətai Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan 7 min manatını, 3 min ABŞ dollarını və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlaması barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində – Bakı şəhər sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov bir müddət paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında çoxmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluq ediblər.

Cavid Süleymanovun 2016-cı ildə xarici ölkələrdən birində alpinistlər üçün hazırlıq kurslarına qatıldığı məlum olub. Bu kurslarda öyrəndikləri sayəsində Süleymanov çoxmərtəbəli binaların damlarından mənzilərin eyvanına enərək oradan evə girmişdir. Cavid Süleymanov oğurluq edərkən Əhmədov binanın yaxınlığında duraraq şübhəli hərəkətlər barədə məlumat vermişdir. Ümumi olaraq zərərçəkənlərə 2 milyon manata yaxın maddi ziyan dəyib.

Video Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı