Paytaxtda şəhid anasına qarşı dələduzluq edən şəxslər saxlanılıblar. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şəhid anası övladının bəlkə də ölmədiyini ümid edərək “falçı”-ya müraciət edib. “Fala” baxan şəxs anaya oğlunun ölmədiyini deyib. Daha sonra “falçı”-nın oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynli əlbir olaraq şəhid anasından daha çox pul ələ keçirmək fikrinə gəliblər.

Beləliklə, dələduzlar qrim ustasına müraciət edərək güya sənədli film çəkəcəklərini bildiriblər. Onlar, Balaxan Hüseynlini qrimləyərək şəhidə oxşadıblar. Şəkillər və videogörüntülər çəkərək mərhumun əsirlikdə olduğu təəsuratı yaradıblar. Oğlunun sağ olduğuna inanan zərərçəkənə daha sonra zəng edərək övladını üçüncü ölkənin köməkliyi ilə gətirəcəklərini və 100.000 manat pula ehtiyac olduğunu bildiriblər. Bundan sonra müxtəlif vaxtlarda anadan 26.800 manat pul mənimsəyiblər.

Şübhəli şəxslər saxlanılaraq barələrində cinayət işi başlanılıb.