23 sentyabr tarixində Bakıda Milli Xalça Muzeyində “Xalça sənəti: mənaların təkamülü” adlı sərgiyə start verilib. Bu barədə Azərbaycan Televiziyası 24 sentyabr tarixində reportaj hazırlayıb.

Sərgi layihəsi iki hissədən ibarətdir. Birinci hissədə qədim xalçalar, ikinci hissədə isə Çingiz Babayevin xalçaları nümayiş olunur.

Birinci zalda muzeydə qorunub saxlanan 19-cu əsrə aid Qarabağ, Quba, Şirvan, Gəncə, Qazax regionlarına məxsus olan nümunələr təqdim olunur.

Çingiz Babayevin işləri isə muzeydəki xalçalardan bəhrələnərək hazırlanmasına baxmayaraq tam yeni bir istiqamətdə özünü göstərir.

“Çingizin əsərlərində, o Azərbaycanın ruhunu qoruyub saxlayaraq bizə xas olan rəngləri, kompozisiyanın strukturunu, ritmini saxlayaraq eyni zamanda yeni ornamentlər yaradır. Və yeni ornamentlərlə bu günkü günümüzü əks etdirir.”-  Milli xalça muzeyinin direktoru Şirin Məlikova öz çıxışında bildirib.

Sərgi 17 oktyabr tarixinə kimi davam edəcək. Ziyarət etmək istəyənlər üçün giriş sərbəstdir.