Oktyabr ayının 1-dən etibarən teatr və kinoteatrların fəaliyyəti bərpa olunur. Bu barədə 24 sentyabr tarixində Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda konfrans zallarının, kinoteatr və teatrların ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə açılacağı qeyd olunub. Qapalı məkanlarda qoruyucu tibbi vasitələrdən istifadə etmək mütləq olaraq qalır.

Əlavə olaraq istirahət və əyləncə məkanları, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyətinə icazə verilib.

Qərarda həmçinin bildirilib ki, müntəzəm sərnişin daşımaları həyata keçirilərkən sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur. Bu qərar 18 yaşdan aşağı olan şəxslərə və taksi minik avtomobilləri ilə sərnişindaşımalara aid edilmir.