Bakıdakı məktəblərdə bufet və yeməkxanaların fəaliyyəti qısa müddət ərzində başlayacaq. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən(BŞTİ) bildirilib.

BŞTİ-dən verilən məlumata görə, bufet və yeməkxanalarda xüsusi karantin rejimi dövründə qoyulan tələblərin icra olunandan sonra məktəblərdə onların fəaliyyəti başlanacaq.

Tələblər bunlardır:

  • yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
  • təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;
  • ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;
  • yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;
  • yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;
  • yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;
  • yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);
  • təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.