27 sentyabr tarixində Bakıda fəaliyyət göstərən dini məbədlərdə dua mərasimləri baş tutub. Şəhidlərimizin əziz xatirəsi Heydər məscidində, Təzəpir məscidində, “Jen Mironosits” pravoslav kafedral kilsəsində, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda dərin ehtiramla yad edilib.

Heydər məscidində namaz qılınıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub.

Təzəpir məscidində keçirilən Anım Günü tədbirlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndələri, vətəndaşlar Anım Günü ilə bağlı təşkil olunan mərasimdə iştirak ediblər.

Kilsədə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, şamlar yandırılıb.

Bakıdakı Müqəddəs Bakirə Məryəm kilsəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə dua mərasimi baş tutub.

Mərasimi Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete aparıb.

Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqunda mərasim keçirilib.

Tədbirlərdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.