“Şair Vaqif” adlı yük gəmisi əsaslı təmir olunub. Bu haqda bu gün, 29 sentyabr tarixində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidməti məlumat yayıb.

Gəminin mühərrikləri, nasosları və hava kompressorları təmir olunub. Gövdənin hissələrində qaynaq işləri görülüb. Heyətin yaşayış və xidməti otaqları yenilənib.

Təmir-bərpa işlərindən sonra gəmi yoxlanışdan keçib və yükdaşımalara cəlb edilib. O, yerli karbamidlə yüklənmiş vəziyyətdə Türkiyəyə doğru yola düşüb.

“Şair Vaqif” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan dəniz nəqliyyatı 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.