Xəzər dənizində qanun pozuntuları qeydə alınıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paytaxt sakinləri Zahid Zeynalov və Mahmudalı Bayramov Zirə qəsəbəsində dənizin sahilində istismarı dayandırılmış qaz kəmərlərini kəsmək istəyərkən saxlanılıblar.
Araşdırma zamanı satmaq məqsədi ilə kəsmək istədikləri boruların içində müəyyən miqdarda qaz olduğu aşkar olunub.
Türkan qəsəbəsi sahillərində paytaxt sakinləri Elman Nəsirov, Vüsal Əzizov və Mövla Dövlətov sonuncuya məxsus mühərrikli qayıqda tutulublar. Su altında istifadə üçün nəzərdə tutulmuş 350 metrlik naqil aşkar edilib.
Şübhəli şəxslərin balıq tutmaq adıyla dənizə çıxmaqları, balıq ovu üçün icazə də aldıqları müəyyən olunub.
Faktlarla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam edir.