30 sentyabr tarixində Bakının Nəsimi rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Keçirilmiş bir-neçə əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlcə paytaxt sakinləri Sadiq Seyfullayev, Namiq Kazımov və Elmiq Kazımov saxlanılıblar. Onların üzərindən satış məqsədilə qablaşdırılmış heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Daha sonra Bakı şəhər sakini Vüqar Qafarov da saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 105 qram olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilib. Onun narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla satmaq məqsədi ilə aldığı məlum olub.

Polis əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nəcəf İsazadə də saxlanılıb. Onun üzərindən 22 qram heroin və metamfetamin aşkar edilib.

Araşdırmalar nəticəsində bu şəxslərin sosial şəbəkələr vasitəsilə narkokuryerlik etdikləri məlum olub. Onların narkotik vasitələri də məhz bu yolla əldə etdikləri bəlli olub.

Bundan əvvəl, 24 sentyabr paytaxtın Xəzər rayonunda narkotik maddələrin alveri ilə məşğul olan 7 nəfər saxlanılmışdır.