Şəmsi Əsədullayev 1840-cı ildə Bakının Əmircan kəndində, yoxsul ailədə anadan olmuşdur.

Cavanlıqda Şəmsi atasının əkin-biçininə kömək edirdi. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XIX əsrin əvvəllərində bu torpağın mühüm hissəsi Suraxanıda neft çıxarılması ilə məşğul olan rus tacirləri tərəfindən alınır. Şəmsi Əsədullayev əkinçiliyi buraxaraq, neft işinə qoşulur. O, öz bacarığı sayəsində qısa müddətdə, 1860-cı ildə tacir Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir.

Bir müddətdən sonra Şəmsi neft və duz satışı ilə məşğul olmağa başlayır. 15 il ərzində o xeyli qazanc əldə etdikdən sonra, kerosin zavodu açır. Rusiyanın bazarları ilə əlaqə saxlayaraq, onlara kerosin satmağa başlayır.

1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. 1893-cü ildə cəmi 500 manat kapitala malik “Şəmsi Əsədullayev” firması, 1913-cü ildə artıq 10 milyon manat vəsaitə malik idi. 1895-ci ildə Əsədullayevin təzə aldığı torpaq sahələrindən birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud (1 pud≈16 litr) neft verirdi.

Şəmsi Əsədullayevin adı həmişə Nobel qardaşlarının adı ilə yanaşı çəkilirdi. Əhali arasında Şəmsi Əsədullayevə “Nobel qardaşlarının qənimi” deyilirdi. O, Rusiyanın, Mərkəzi Asiya, İranın, Finlandiyanın şəhərlərində Nobellərin dükanları ilə üzbəüz, ya da ki, yanaşı dükan açıb Nobellərdən ucuz qiymətə neft satır və onlara mane olurdu.

Əsədullayev 21 aprel 1913-cü ildə 72 yaşında Yaltada (Krım yarımadası) günvurmadan vəfat etmişdir. Onun nəşi Bakıya gətirilərək, Əmircan kəndində dəfn edilmişdir.

Mənbələr:

 

  1. Qılman İlkin. “Bakı və bakılılar” (dördüncü nəşr), 2014
  2. Ülkər Mirzəyeva. Şəmsi Əsədullayev 2013
  3. АГА ШАМСИ АСАДУЛЛАЕВ Журнал “Огонёк” №19 от 13.05.1996