Bakının Fatmayı kəndində qədim hamam və türbələrin təmirə ehtiyyacı var. Bu haqda Azərbaycan Televiziyası 2 oktyabr tarixində reportaj hazırlayıb.

Hazırda qədim tikililər qəzalı vəziyyətdədir. Fatmayıda tikiliş forması qorunub saxlanan yeganə karvansaray Əlbatti məscidinin yaxınlığındadır.

Sakinlər karvansarayı indiyə qədər qoruyub saxlaya biliblər, lakin tarixi abidə kimi qeydiyyata alınmayıb.

“Hal-hazırda karvansarayın təmirə ehtiyacı var. Aidiyyəti qurumlardan karvansarayın təmiri ilə bağlı bizə dəstək olmasını istərdim. Birdə istərdik ki, həmin karvansaray tarixi abidə statusu alsın.”- Fatmayı Kənd Bələdiyyəsinin komissiya sədri Fuad Məlikrzayev bildirib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu istiqamətdə artıq bəzi işlər görüb.

“Həmin karvansarayın tarixi mədəniyyət abidələrin siyahısına daxil edilməsi üçün müvafiq prosedurların həyata keçirilməsinə başlanmışdır. Bununla bağlı rəy alınması üçün Milli Elmlər Akademiyasına müraciət olunacaqdır.”- xidmətin mətbuat katibi Fariz Hüseynli qeyd edib.

Qədim Bakının kəndlərindən biri olan Fatmayı kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bura pirlər, hamamlar, məscidlər, qədim su quyuları ilə zəngindir.

Kənddəki tarixi abidələr arasında məscidlərin sayı daha çoxdur. 17-ci əsrə aid Hacı Heybət və 19-cu əsrə aid Əlbatti məscidləri təmir edilərək istifadəyə verilib. Qədim su quyularından biri də məhz Hacı Heybət məscidinin ərazisindədir. Məscid kimi onun da tarixi 17-ci əsrə gedib çıxır.