2 oktyabr Bakıda qazilər və gənclərlə görüş keçirilib. Tədbir Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında baş tutub.
Görüşdə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov iştirak edib.
Tədbirin açılış nitqini YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə edib. Anar Mirzəyev “XXI əsr müharibəsi” adlandırılan İkinci Qarabağ müharibəsində müasir silahlara və yüksək texnologiyalara baxmayaraq qələbəni Azərbaycanın mərd, cəsur, qorxmaz oğullarının sayəsində qazandığımızı qeyd edib.
Atatürk Universitetinin IV kurs tələbəsi Ruslan Qasımov və gənclərdən Fərid Şərifov da çıxış edərək şəhidlərimizin və hərbçilərimizin həyat yolunun vətənpərvərlik məktəbi olduğunu və bu məktəbdən hər zaman bəhrələnəcəklərini bildiriblər.
Görüşün sonunda qazilərə hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib.