Gecə ərzində paytaxtda daha bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 5 oktyabr tarixində məlum olub.

Bakı-Sumqayıt yolunda qeydə alınan qəzada yolu keçmək istəyən 47 yaşlı Zülfiyyə Səmədovanı avtomobil vurub. Hadisə nəticəsində piyadanın hər iki baldır sümüyü sınıb.

Paytaxtın Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən avtoqəza baş verib. 60 yaşlı Aygün Tağıyeva metronun “Əhmədli” stansiyasının yaxınlığında yolu keçərkən onu minik avtomobili vurub. Piyada baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Nəsimi rayonunda motosikletlə minik avtomobili toqquşması nəticəsində motosikletin sürücüsü 24 yaşlı Hacı Ələsgərov və sərnişin 23 yaşlı Yusif Əhmədov müxtəlif bədən xəsarətlərilə xəstəxanaya aparılıblar. Müayinə zamanı Ələsgərova sağ əlin açıq sınığı, Əhmədova isə sol baldırın ön səthinin çapılmış yarası diaqnozu qoyulub.

Faktlarla bağlı araşdırma aparılır.